"Bu səhvləri etmək olmaz": Ayxan Abbasov

ESTAFET/ “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

O, 2:3 hesabı ilə məğlub olduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun idi. Matç çox sürətli başladı. Təəssüf ki, ilk qolumuz qeydə alınmadı. Səhvlərdən ucuz qollar buraxdıq. Bundan sonra komanda toparlanıb iki qol vurdu. İlk hissənin sonlarında üçüncü qolu buraxdıq. Fasilədə dəyişikliklər etdik. Bilirdik ki, rəqib bizi əks-hücumda tutacaq. Futbolçular ritmdən düşmədi. Müdafiə planında əskiklərimiz var. Kiçik səhvlər bizə baha başa gəlir. Çempionat davam edir. Xal fərqi bir az açılır. Həvəsdən düşmək olmaz. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm.

Bu gün hakimlik normal idi. Buraxılan qollar fərdi səhvlərin nəticəsi idi. Qapıçının da, müdafiəçilərin də səhvi var. Bu gün hücumu düzəltmək istəyiriksə, bəzi risklər alırıq. Müdafiədə fərdi səhvlərdir, taktiki səhvlər olmur. Belə oyunlar vacibdir ki, həmin futbolçular artırsın. Bu səhvləri etmək olmaz. İstəyirik ki, komandada rəqabət olsun. Yeni oyunçular dəvət edə bilərik. Amma bu, gələcəyin işidir”.

Müəllif: Bəhruz MƏMMƏDOV