Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib

ESTAFET/ Minifutbol üzrə ölkə çempionatının yeni mövsümünün püşkü atılıb. Bununla da 16 komandanın iştirak edəcəyi və dekabrın 5-də start veriləcək yarışın təqvimi bəlli olub. Turnirdə ilk 8 yeri tutan kollektivlər pley-of mərhələsinə vəsiqə qazanaraq qalib və mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov qurumun illik fəaliyyəti və təmsilçilərimizin beynəlxalq yarışlardakı çıxışından danışıb. Tədbir iştirakçılarına may ayında Bakıda keçirilmiş, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir, habelə Çempionlar Liqası, Avropa Kuboku, Biznes Kuboku və Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi dünya çempionatı ilə bağlı  videoçarxlar göstərilib.

Daha sonra federasiyanın icraçı direktoru Taleh Nəsibov  ilin ən yaxşı minifutbolçusu adına layiq görülən Rəvan Kərimova mükafat təqdim edib. Baş katib Orxan Hüseynov isə komandalar və reqlament haqqında məlumat verib. 

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasında keçiriləcək və “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

Müəllif: Məsim MƏSİMZADƏ