Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

ESTAFET/ Stolüstü tennisçi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə etimadı doğruldub. O, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medala layiq görülüb.
Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Onur, 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib. Həlledici oyunda isə, stolüstü tennisçimiz özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Onur bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.
