Azərbaycan üzgüçüləri beynəlxalq yarışlarda güclərini sınayırlar
ESTAFET/ Üzgüçülük idman növü üzrə milli komandanın üzvləri Avropada yarışlara qatılıblar. Azərbaycan üzgüçülük federasiyasının mətbuat xidmətindən verilən məlumata görə millinin 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə güclərini sınayırlar. Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakterli bu yarışlarda 6 ölkənin idmançıları medallar uğrunda yarışırlar.
Azərbaycan üzgüçüləri ilə yanaşı Albaniya, Bolqarıstan, Xorvatiya, Serbiya və Makedoniyanın idmançıları mübarizə aparırlar. Bu gün 50 və 200 metr batterflay üsullarında Ramil Vəlizadə və Əbdürrəhman Rüstəmov finala vəsiqə qazanıblar.
Digər yarış isə Macarıstanın Kapoşvar şəhərində keçirilir. Yeniyetmələr arasında təşkil olunan bu beynəlxalq turnirdə Azərbaycan heyəti 14 nəfərlə təmsil olunub.