5 qat dünya çempionumuz aldığı ağır zədədən sonra möhtəşəm geridönüş etdi - VİDEO

ESTAFET/ Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb. Yarış 16-17 dekabr tarixində baş tutub.

Qeyd edək ki, yarışda, 29 ölkənin 4000-dən çox idmançısı mübarizə aparıb. Onların arasında, 75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən 5 qat dünya çempionu Rövşən Xəlilov da yer alıb. 2 il öncə Powerlifting üzrə Azərbaycan çempionatında ayağından ağır zədə alaraq idman səhnələrindən uzaqda qalan idmançımız, öz üzərində çalışaraq, yenidən rəqiblərini ciddi fərqlə geridə qoyub. O, ümumilikdə 707.5 kq (squat hərəkətində 245 kq - yeni Azərbaycan rekordu; deadlift hərəkətində 292.5 kq - yeni dünya rekordu; bench press hərəkətində isə 170 kq); 2 hərəkətin cəmində isə 462,5kq ( bench press + deadlift) powerlifting növü üzrə 2 qızıl medal qazanaraq, adını idman tarixinə yenidən yazdırmağı bacarıb.

Rövşən Xəlilov, tanınmış idmançı olmaqla yanaşı, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır. O, öz qələbəsini FHN-nin yaranma gününə həsr etdiyini bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV