Abşeron və Ağdaş bədii gimnastları Bakıda Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçiriblər

Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçiriblər.

Hazırlıqda əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların fiziki cəhətdən yerli və beynəlxalq yarışlara hazırlıqlarının gücləndirilməsidir.

Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika üzrə məşqçisi Aygül Babaşova bu gün yekunlaşan bir həftəlik təlimlərin həm idmançılar, həm də məşqçilər üçün faydalı olduğunu söyləyib. O, burada 2008-2011-ci il təvəllüdlü gimnastların ümumi və xüsusi fiziki hazırlıq keçdiyini vurğulayıb. Məşqçi regionu təmsil edən gimnastların təkmilləşməsi üçün yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkür edib.

19 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetiriblər.

Həmçinin, mütəxəssis qeyd edib ki, Ağdaş və Abşeron Olimpiya İdman Komplekslərinin tələbələri ikinci dəfə Milli Gimnastika Arenasında təlim-tədris toplantılarına iştirak edirlər.

Müəllif: Bəhruz MƏMMƏDOV