Tofiq Karayevin şərəfinə həsr olunmuş üçnövçülük üzrə ölkə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə SSRİ çempionu, professor Tofiq Karayevin şərəfinə həsr olunmuş üçnövçülük üzrə ölkə yarışı keçirilib. Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Bərdə, Quba və Xaçmazı təmsil edən 2010-2011-ci il təvəllüdlü 80 idmançı mübarizə aparıb. İştirakçılar 60 və 200 metr məsafəyə qaçış və uzunluğa tullanmada qüvvələrini sınayıblar. Həm 60, həm də 200 metr məsafəyə qaçışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Fidan Osmanova qalib olub. Uzunluğa tullanma üzrə yarışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Səlma Ağabəyova ən yüksək nəticəni göstərib. Üçnövçülük üzrə ümumi hesabda oğlanlarda Tuncay Hümbətov baş mükafata sahib çıxıb. Əkbər Dadaşlı 2-ci, Nurlan Mərdanov 3-cü yeri tutub. Qızlarda isə Fidan Osmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səlma Ağabəyova və Nila Heydərova müvafiq olaraq 2-ci və 3-cü pillələrdə yer alıb.

Müəllif: Bəhruz MƏMMƏDOV