AMADA tərəfindən 2023-ci ildə ümumilikdə 1100 test götürülüb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2023-cü ilin hesabatını açıqlayıb.

Azərbaycan Milli Antidopinq Agentliyi növbəti məsuliyyətli ilin sonuna yaxınlaşır. AMADA beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, onların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti aparılır.

Cari ildə AMADA-nın Təhqiqat şöbəsi 54 məsələ barədə araşdırma aparıb.

Bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından üçü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış testdir.

Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və milli test proqramı ilin sonunadək davam edəcək. Proqramın yekun sayı dekabrın 30-da müəyyənləşəcək. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edir. 35 milli yarışda testetmə keçirilib, 11 beynəlxalq turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub. Analizlərin 96,4 faizi Bakıda, 1,6 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edirlər.

2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan 5-i idmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan olunmuş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, biri idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə, biri isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın triatlon növündə 3, boksda, pauerliftinq, kikboksinq və cüdoda 1 qayda pozuntusuna rast gəlinib.

Ümumilikdə il ərzində 3000 nəfəri əhatə edən 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirilib.

Cari ildə AMADA Keniya, Yaponiya, Bolqarıstan milli antidopinq təşkilatları, Avropa Həndbol və Beynəlxalq Atıcılıq İdmanı federasiyaları, Dünya Hərbi İdman Şurası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb.

İl ərzində AMADA-nın əməkdaşları Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurası, UNESCO, Beynəlxalq Test Agentliyi və digər qurumların antidopinq sahəsində təşkil etdiyi mötəbər tədbirlərdə fəal iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV