Milli Gimnastika Arenasında növbəti təlim-məşq toplanışı baş tutub

“Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdman Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilib.

Milli Gimnastika Arenasında fevralın 3-dək davam edəcək hazırlıqda əsas məqsəd gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Bədii gimnastika üzrə məşqçi Nəzrin Cəfərzadə təlim-məşq toplanışında 2009-2016-cı il təvəllüdlü 70 gimnastın iştirak etdiyini bildirib: “Məşqlərdə gimnastlar ümumi və xüsusi fiziki hazırlıq və alətin texniki hazırlığı istiqaməti üzərində işləyirlər. Bununla yanaşı, idmançılar burada xoreoqrafiya dərsləri də keçirlər”.

Xoreqraf Məlik Həsənov isə 7 gün davam edəcək məşqlərin məqsədini açıqlayaraq deyib ki, müxtəlif klublarda çıxış edən gimnastların millidəki hazırlıq səviyyəsini mənimsəməkdir: “Hazırda gimnastların əl və ayaq hərəkətlərinin gücləndirilməsi üçün müxtəlif dərslər keçiririk. Onlarla əsasən elementlərin üzərində işləyirik”.

Müəllif: Bəhruz MƏMMƏDOV