Atletika üzrə yeniyetmələr arasında Qış Azərbaycan birinciliyinə start verilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kiçikyaşlı yeniyetmələr arasında qış Azərbaycan birinciliyinə start verilib.
Respublika Olimpiya Mərkəzində keçirilən yarışın açılış mərasimində çıxış edən federasiyanın baş katibi Məhərrəm Sultanzadə birinciliyin gələn il təşkil olunacaq Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və III MDB Oyunlarına idmançıların seçimi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın bu dəfə daha çox bölgəni əhatə etməsinin sevindirici hal olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulayıb.
Qış ölkə birinciliyində paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Ordubad, Sədərək, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Gədəbəy, Bərdə, Beyləqan və Naftalandan 150 idmançı mübarizə aparır.
2 gün davam edəcək yarışda 2009/2010-cu il təvəllüdlü atletlər arasında müxtəlif məsafələrə qaçış, estafet, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə üzrə qaliblər müəyyənləşəcək.