Beynəlxalq Cüdo Federasiyası Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub
Fevralın 9-da Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məşqçilik sertifikatı proqramında iştirak edən 63 məşqçiyə sertifikatlar təqdim olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova və baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və vitse-prezidenti Elnur Məmmədli və BCF Akademiyasının sədri Envik Qalea məşqçilərə iştirakçı sertifikatlarını təqdim ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında BCF Akademiyasında təhsilin ölkədə cüdonun inkişafı üçün əhəmiyyətini vurğulayıb, bu proqramda iştirak edən məşqçilərə uğurlar arzulayıb. O, BCF Akademiyasında təhsilə marağın artmasını ölkədə cüdonun populyarlığının yüksəlməsi ilə əlaqələndirib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Federasiyanın fəaliyyətində cüdo idman növünün bütün işitrakçılarının, xüsusilə də məşqçilərin təhsilinə xüsusi önəm verdiyini vurğulayıb. R. Nəbiyev bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi qarşıda duran yeni çağırışdır. O, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində məşqçilərin üzərinə düşən vəzifəni xüsusi qeyd edərək, bu məqsədə çatmaqda cüdonun rolunu vurğulayıb.
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanda cüdonun inkişafına verdiyi töhfələrə görə BCF Akademiyasının mütəxəssislərinə minnətdarlığını bildirib və Milli Olimpiya Komitəsinin bu cür layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edib.
BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə əminliyini ifadə edib.
Fevralın 10-u 60 cüdo məşqçisinin hazırda keçirilən seminarın sonunda verəcəkləri imtahan nəticəsində diplom almaları gözlənilir. Qeyd edək ki, indiyə qədər Akademiyada 187 məşqçi təhsil prosesinə cəlb edilib və onlardan artıq 69 nəfəri müvafiq məşqçilik diplomunu əldə ediblər.