Qarışıq komanda növündə stend atıcılığının dairəvi stend növü üzrə final yarışları keçirilib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” davam edir.

Bu gün qarışıq komanda növündə stend atıcılığının dairəvi stend növü üzrə final yarışları keçirilib.

Üçüncü yer uğrunda mübarizədə ABŞ-ı təmsil edən Konner Prins və Austen Smit Avstraliyadan olan Eyslin Cons və Coşua Bell ikilisi ilə münasibətlərinə aydınlıq gətiriblər.

Həlledici atışlarda dəqiqlik nümayiş etdirən Avstraliya atıcıları  proqnozları alt-üst edərək bürünc medalları qazanıblar.

“Qızıl” uğrunda yarışda isə ABŞ-dan olan Danya Vizzi Co ilə Dastin Teylor Çilidən olan atletlər Fransiska Krovetto Çadid və Ektor Flores Barahona üz-üzə gəliblər.

Amerika qitəsini təmsil edən komandaların mübarizəsində 3 dəfə Olimpiya iştirakçısı olmuş Çadidin dəqiq atışları Çili komandasına qızıl medalları qazandırıb. ABŞ-ı təmsil edən cütlük turniri gümüş medallarla başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV