“İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib

İyunun 3-də “İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin (İKA İB) hesabat-seçki konfransı keçirilib.

Sabunçu Gənclər evində təşkil edilən  tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Daha sonra Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, idman federasiyalarının rəsmiləri, könüllülər və media nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək könüllülərin müxtəlif irimiqyaslı yarışlarda, beynəlxalq tədbirlərdə fəallıqlarının böyük olduğunu bildirib.

İKA İB-in rəhbəri Atanur Cəfərli könüllülərin iştirak etdikləri tədbirlər haqqında məlumat verib.

Rəsmi çıxışlardan sonra İKA İB-in üzvləri iki illik fəaliyyətləri üzrə müxtəlif idman federasiyalarının üzvlərinə təşəkkürnamələr təqdim ediblər.

Daha sonra İctimai Birliyə seçkilər keçirilib. Atanur Cəfərli "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin növbəti iki il üçün yenidən sədri seçilib.

Müəllif: Bəhruz MƏMMƏDOV