Azərbaycan Bilyard Federasiyasının Marketinq direktoru yeni vəzifəyə təyin edildi
Azərbaycan Bilyard Federasiyasının Marketinq direktoru Mir Azad Əliyev yeni vəzifəyə təyin edilib. O, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin üzvü olub.
Yanvarın 30-da keçirilən ilk iclasda Komitənin əsas fəaliyyət istiqamətləri müzakirə olunub. Görüş zamanı idman sahəsində marketinq və PR strategiyalarının təkmilləşdirilməsi, müxtəlif idman növlərinin populyarlığının artırılması məsələləri diqqət mərkəzində olub. Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Komitə üzvlərinin fikirlərini dinləyərək dəyərli tövsiyələrini verib.
Marketinq Komitəsi hər ay toplanaraq idman sahəsində innovativ təşəbbüslər və inkişaf strategiyaları üzrə vacib təkliflər irəli sürməyi planlaşdırır.
"Bu Komitənin üzvü olmaq mənim üçün böyük qürurdur. Azərbaycan idmanının inkişafına töhfə vermək və idman növlərinin daha geniş auditoriyaya çatdırılması üçün əlimdən gələni edəcəyəm," – deyə Mir Azad Əliyev bildirib.