Şahmat çempionatı başa çatdı: Titullar sahiblərini tapdı

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.
"Landmark" Biznes Mərkəzində baş tutan tədbirdə Azərbaycan Şahmat Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin rəsmiləri, şahmatçılar iştirak ediblər.
Ölkə çempionatının ən maraqlı anlarından ibarət videoçarx nümayiş olunduqdan sonra rəsmi çıxışlar olub. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında çempionatın yüksək səviyyədə təşkilinin ölkəmizdə şahmatın inkişafına mühüm təsir göstərəcəyini bildirib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov isə titullu şahmatçıların çempionatda iştirak etdiyini və 15 gün gərgin ərzində gərgin mübarizə yaşandığını qeyd edib.
Daha sonra mükafatlandırma mərasimi baş tutub. Yarışın baş hakimi Lütfiyar Rüstəmov yekun nəticələri açıqlayıb. Qaliblərə medal, kubok, gül dəstələri və sertifikat təqdim olunub.
Kişi şahmatçıların çempionatında Rauf Məmmədov, qadınların mübarizəsində isə Günay Məmmədzadə birinci yerə layiq görülüb. Kişilərin yarışında Şəhriyar Məmmədyarovla Misrətdin İskəndərov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. Qadınlarda isə Gövhər Beydullayeva gümüş, Gülnar Məmmədova bürünc medalçı olub.
