Millinin baş məşqçisi: "Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur"

Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur.
Bunu 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova deyib.
Mütəxəssis martın 12-18-i aralığında paytaxtda təşkil ediləcək Avropa çempionatının II seçmə mərhələsinin qrup oyunları barədə fikirlərini bildirib.
O, B Liqasının B qrupunda ilk olaraq qarşılaşacaqları Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib:
“İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Baş məşqçi qrupun favoritini də açıqlayıb:
“Bolqarıstan yığması qrupun favoritidir. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış ediblər, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir. Qrupdakı hər üç matça ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”.
Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta ilə qarşılaşacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.
