"Qızlar Futzal Kuboku" layihəsi Lənkəranda keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə 16 mart tarixində Lənkəranda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 8 məktəbin iştirakı ilə qrup oyunları, pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Müəllif: Bəhruz MƏMMƏDOV