Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun bağlanış mərasimi baş tutub

Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə yarışın son günündə qalib idmançılara medallar təqdim edilib.
Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın heyətində halqalarla hərəkətlərdə çıxış edən Nikita Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və digər rəsmi şəxslər təqdim ediblər.
Son yarış günündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birincilik uğrunda mübarizə aparıblar. Murad Ağarzayev dayaqla tullanmada yeddinci, İvan Tixonov isə turnikdə səkkizinci yeri tutub. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim olunub.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar iştirak ediblər.
