"Sabah", "Naxçıvan" və "Neftçi" klubları pley-off'a birbaşa vəsiqəni təmin ediblər

17,18 və 19 mart tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 19-cu turun oyunları keçirilib. Turun açılış oyununda "Sumqayıt" doğma divarlar arasında 112-103 hesabı ilə "Quba"nı üstələyib.

"B" qrupunun növbəti oyununda "Ordu" 87-65 hesabı ilə "Lənkəran"a qalib gəlib. Həmin qrupda mərkəzi və həlledici oyun isə "Şəki" və "Gəncə" klubları arasında oynanılıb. Əlavə vaxta gedən oyunda "Şəki" 91-87 hesablı qələbə qazanaraq, "B" qrupunun vahid lideri olub. "A" qrupunda "Naxçıvan" 58-60 hesabı ilə "Abşeron"a məğlub olub. "Sərhədçi" İdman Mərkəzində keçirilmiş NTD-"Sabah" (79-105) və "Sərhədçi"-"Neftçi" (70-84) oyunları ilə 19-cu tura yekun vurulub. Geridə qalmış 19 turdan sonra, "A" qrupunun vahid lideri "Sabah" klubudur. "Naxçıvan" ikinci, "Neftçi" isə 3-cü pillənin sahibidir. "B" qrupunun vahid lideri "Şəki" klubudur. "Gəncə" ikinci, "Ordu" isə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, "A" qrupunda "Sabah", "Naxçıvan" və "Neftçi" klubları birbaşa pley-off mərhələsinə vəsiqəni təmin ediblər. "B" qrupunda isə pley-off mərhələsinə birbaşa vəsiqə qazanacaq klubun adına son turdan sonra aydınlıq gələcək.

Müəllif: Məsim MƏSİMZADƏ