“Sonluğu gətirə bilmədik” Fernandu Santuş

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti yığması ilə keçirilən yoldaşlıq görüşündən (0:3) sonra mətbuat konfransında fikirlərini bildirib:

“Təlim-məşq toplanışına yığışandan bu günə qədər hazırlıq çox yaxşı gedirdi. Bugünkü matçın birinci hissəsində daha yaxşı çıxış etdik. Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Ümumi götürdükdə oyundan narazı qaldım. İkinci hissədə hücum xəttini gücləndirmək üçün dəyişikliklər etdik. Rəqib cinahlarda boşluqlar verirdi. Bunlardan yararlanmağa çalışdıq. Həmçinin orta sahədə də dəyişiklik etdik ki, intensivliyi artıraq. İkinci hissəyə balanslı başladıq. Amma ikinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə və digərləri meydana daxil olduqdan sonra daha çox hücumlar etməyə çalışdıq. Cəhdlər etsək də, sonluğu gətirə bilmədik”.

Qeyd edək ki, A milli növbəti yoldaşlıq görüşünü martın 25-də, “Bank Respublika Arena”da Belarus yığmasına qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV