“Nəticələri düzəltmək üçün çalışacağıq” Fernandu Santuş

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş "Bank Respublika Arena"da Belarus yığması ilə keçirilən yoldaşlıq görüşündən (0:2) sonra mətbuat konfransında fikirlərini bildirib:

“Birinci hissədə komandalar intensiv oyun nümayiş etdirdilər, balanslı mübarizə oldu. Hər iki komanda təhlükəli vəziyyətlər yaratdı. İkinci hissəyə yaxşı başladıq. Xəyal Əliyev həm müdafiədə, həm də hücumda gözəl çıxış etdi. Hissənin ilk 15 dəqiqəsini yaxşı keçirdik. Şahin Şahniyarov da yaxşı oynadı. Nəzərə alaq ki, onun millidə ilk matçı idi. Təəssüf ki, yenə sadə vəziyyətdən qol buraxdıq. Bu, bizi çox məyus edir. Rəqib önə keçdikdən sonra futbolçularımız həvəsdən düşmədilər, bərabərlik qolu üçün hücuma atıldılar. Hiss edirdim ki, qol vura bilərik. Bu səbəbdən hücum xəttinə yeni oyunçular qoşduq. Ümumi götürdükdə komandamız yaxşı mübarizə apardı, pozitiv məqamlar çox oldu. Məsələn, Toral Bayramovun zərbəsi qol olsaydı, indi başqa nəticədən danışardıq. Uşaqlar göstərdilər ki, millidə oynamaq bacarıqları var. Təəssüf ki, matçın nəticəsi sevindirici olmadı. Məşqçilər, futbolçular – hər kəs buna görə məyusdur. Nəticələri düzəltmək üçün çalışacağıq”.

Müəllif: Bəhruz MƏMMƏDOV