Azərbaycan Cüdo Federasiyası yeni Cüdo Liqalarını təqdim etdi

Azərbaycan Cüdo Federasiyası (ACF) Cüdo Liqaları ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov və ACF-in İcraiyyə Komitəsinin üzvü, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə yeni yaradılan liqalarla bağlı jurnalistlərə ətraflı məlumat verib.

Bildirilib ki, Cüdo Liqalarının yaradılmasında əsas məqsəd yeni potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin yaranması, idmançılara və məşqçilərə maddi dəstək göstərilməsi, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılmasıdır.

Cüdo Liqaları və burada yığılan xallar eyni zamanda milli komandaların tərkibinin müəyyən olunmasında ən önəmli meyarlardan biri olacaq. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla bərabər, seçimin də daha obyektiv olmasını şərtləndirəcək.

Cüdo Liqalarının 3 yaş qrupu üzrə keçiriləcəyi diqqətə çatdırılıb. Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçuların iştirak edəcəyi bildirilib. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcək. Böyüklər liqasında üç, U-17 və U-14 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq. Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı birbaşa təqdim ediləcək. Klublara isə mükafatlar pul formasında verilməyəcək. Həmin klublarda cüdonun inkişafını dəstəkləyən müxtəlif istiqamətlər üzrə xərclənəcək.

Həmçinin qeyd olunub ki, Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb. Proqram hər regionda 6 gün olmaqla keçiriləcək. Proqram çərçivəsində nəzəri və praktiki hazırlıqlar baş tutacaq. Eləcə də Cüdo Liqaları, ilkin tibbi yardım, sosial mediadan düzgün istifadə, “Judo manager” portalından istifadə qaydalarından bəhs olunacaq. Proqramın ilk seminar aprelin 14-dən 19-dək Goranboyda keçiriləcək.

Mətbuat konfransının yekununda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Natiq NƏSİROV