Yunan-Roma güləşçiləri Gimnaziyadada 9 medal qazanıb

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında Gimnaziyada davam edir.

Bu gün yunan-Roma güləşi üzrə yarış keçirilib. Gimnaziyadaya məşqçilər Əbilfət Məmmədov və İlham Vezirovun rəhbərliyi altında yollanan komandanın 9 üzvü fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşçilərimiz Serbiyada 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Hüseyn Əmrahlı (38 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) bütün rəqiblərinə qalib gəliblər. Əli Cavadlı (41 kq) ilə Amin Məmmədov (44 kq) ikinci, Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədov (68 kq) isə üçüncü yeri tutub.

Xatırladaq ki, ötən gün sərbəst güləşçilərimiz 10 (2 qızıl, 3 gümüş, 5 bürünc) medal qazanıb. Sabah qadın güləşi üzrə mübarizə baş tutacaq və bununla da Gimnaziyadada güləş yarışlarına yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV