Azərbaycan cüdoçuları ISF U-15 Gimnaziadada 7 medalla çıxışlarını başa vurdu

Serbiyanın Luçani şəhərində keçirilən ISF U-15 Gimnaziada İdman Oyunlarının cüdo yarışları başa çatıb.
Azərbaycan təmsilçiləri sonuncu yarış günündə uğurlu çıxış edərək 2 qızıl və 1 bürünc medala sahib olublar.
Oğlanların mübarizəsidə Fuad Rəhimli (-38 kq) və Fərid Rzazadə (-42 kq) bütün görüşlərini qələbə ilə tamamlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızlar arasında isə -63 kq çəki dərəcəsində Türkan Məmmədli bürünc medala yiyələnib.
Ötən yarış günündə Yağmur Abdullayeva (-44 kq) qızıl, Fatimeyizəhraxanım Məmmədzadə (-36 kq), Nərgiz Məmmədova (-40 kq) və Mehdi Məhəmmədəli (-73 kq) bürünc medalla yadda qalmışdı.
Beləliklə, cüdoçularımız Gimnaziadanı 3 qızıl və 4 bürünc medalla başa vurublar.
Qeyd edək ki, Oyunlarda məşqçilər Rafiq Nəcəfov və Mehdi Canəliyevin rəhbərliyi altında 18 cüdoçumuz iştirak edib. Gimnaziadada Azərbaycan Cüdo Federasiyasının "B" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alıb.
