“Zəkaların mübarizəsi” olimpiadasının şahmat istiqaməti üzrə regional mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının paytaxt məktəbləri arasında şahmat turniri baş tutub.

Olimpiadanın qaydalarına əsasən, regional mərhələdə Bakı şəhərinin hər bir inzibati rayonundan bir komanda olmaqla 12 komanda şahmat üzrə mübarizə aparıb. FIDE qaydaları əsasında keçirilən şahmat turnirində Xətai, Səbail, Yasamal, Xəzər və Sabunçu rayonlarının komandası xal hesabı ilə digər komandaları üstələyərək respublika mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, şahmat turniri regional və respublika mərhələsindən ibarətdir. Hər iki mərhələ üzrə komanda yarışları FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərmiş komanda regional mərhələnin qalibi sayılır və respublika mərhələsində iştirak etmək hüququ qazanır.

Onu da qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılır. Şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin  yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsi məqsədilə keçirilən olimpiada regional və respublika mərhələsi olmaqla iki hissədən-bilik və şahmat üzrə yarışdan ibarətdir.

Müəllif: Bəhruz MƏMMƏDOV