Formula 1-də yeni zirvə! Piastri Ciddə qələbəsi ilə lider oldu

Formula 1 üzrə dünya çempionatının 5-ci mərhələsi Səudiyyə Ərəbistanın ən böyük sənaye şəhəri olan Ciddənin dənizkənarı parkında yerləşən trasda başa çatıb.
Keçən həftəsonu baş tutan Bəhreyn Qran-prisindən sonra çempionatda cəmi 8 xal fərqlə sıralanan Lando Norris, Oskar Piastri (hər ikisi “McLaren”) və Maks Ferstappen (“Red Bull”) bu mərhələdə üstünlüyü ələ almağa iddialı idilər. Günəş altında 60 dərəcəyə çatan asfalt üzərində keçirilən ilk sərbəst yürüşlərdə “Alpine” sürücüsü Pyer Qasli ən sürətli nəticə göstərərək sürpriz etdi. Lakin növbəti iki sessiyada favorit üçlük əsl gücünü nümayiş etdirdi və sıralanma turunda əsas iddiaçılar oldular.
Poul uğrunda mübarizədə isə gözlənilməz hadisə baş verdi – Lando Norris 5-ci döngədə səhv edərək yürüşü yarımçıq qoydu. Bu vəziyyətdə əsas favorit kimi Oskar Piastri ön plana çıxsa da, son dörd ilin çempionu Maks Ferstappen möhtəşəm dövrə ataraq onu cəmi 0.01 saniyə qabaqlayıb poul mövqeyini qazandı.
Yarışın taleyi isə artıq ilk döngədə həll olundu. Startda zəif çıxış edən Ferstappen Piastrini kənardan keçərək liderliyə yüksəldi. Lakin stüardların mövqeni geri qaytarmaq tələbinə əməl etmədiyi üçün 5 saniyəlik cərimə aldı. Pit-stoplaradək mövqelər dəyişmədiyindən Maks təkər dəyişərkən cəriməsini çəkdi və trasa Piastrinin arxasında qayıtdı.
Niderlandlı sürücü sonadək təzyiq göstərsə də, Oskar Piastri liderliyini qoruyaraq mövsümdə 3-cü qələbəsini qazandı. Maks isə pouldan başladığı yarışda ikinci oldu.
Podiumun üçüncü pilləsi uğrunda isə ciddi mübarizə yaşandı. Startda bu mövqedə “Mercedes”dən Corc Rasl yer alsa da, daha gec pit-stop edən “Ferrari” pilotu Şarl Lekler onu qabaqladı. Şənbə günü qəza keçirərək 10-cu yerdən başlayan Lando Norris isə yarışın sonunda Corcu geridə qoyub podium uğrunda Şarla yaxınlaşsa da, moneqask sürücünü keçə bilmədi. Nəticədə Şarl həm özünün, həm də “Ferrari”nin bu mövsümdə ilk podiumunu qazandı. Lando isə ilk dəfə podiumsuz qaldı.
Finişdə sonrakı yerləri “Mercedes” sürücüləri tutdu. Debütant Andrea Kimi Antonellinin 6-cı yeri xüsusi qeyd olunmalıdır. Startda 7-ci olan 7 qat dünya çempionu Lyuis Hemilton isə yarışı elə həmin mövqedə başa vurdu. İlk onluğu isə “Williams” sürücüləri Karlos Sayns və Aleks Elbon, eləcə də “Racing Bulls”dan Ayzek Həcər tamamladı.
Bu nəticədən sonra Oskar Piastri karyerasında ilk dəfə olaraq çempionatın lideri oldu – onun 99 xalı var. Komanda yoldaşı Lando Norrisdən 10 xal öndədir, Maks Ferstappen isə onlardan 2 xal geridə qalır. Komanda hesabında isə “McLaren” 188 xalla aşkar liderliyini davam etdirir.
İndi komandaları iki həftəlik fasilə gözləyir. Gələn yarış isə mayın əvvəlində okeanın o tayında – Mayamidə şəhər trasında keçiriləcək.
