Qanadlar dəyişdi, nəticə dəyişmədi: “McLaren” yenə zirvədə!

75-ci ildönümünü qeyd edən Formula 1 Dünya Çempionatının İspaniya mərhələsi mövsümün 2-ci üçdəbirinə start verib. Barselona yaxınlığındakı Montmeloda keçirilən yarış FİA-nın ön qanad elastikliyinə dair tətbiq etdiyi yeni texniki məhdudiyyətlərlə diqqət çəkdi. Komandalar dəyişikliklərə uyğunlaşmaq üçün yenilənmiş maşınlarla trasda yer alsalar da, liderlik dəyişmədi: “McLaren” bir daha gücünü ortaya qoydu.
Cümə və şənbə günü Oskar Piastri və Lando Norris rəqiblərindən üstün performans göstərərək sıralanma turunda ilk iki yeri tutdular. Oskar karyerasının 4-cü poulunu qazanmaqla yanaşı, “McLaren”ə 170-ci poul sevincini yaşatdı.
Yarışın startında Maks Ferstappen Norrisi geridə qoydu, lakin təkərlərin tez yeyilməsi onun tempini aşağı saldı. 13-cü dövrədə Lando onu ötərək ikinci yerə yüksəldi. Oskar isə artıq 6 saniyə fərq yaratmışdı. Ferstappenin erkən pit strategiyası ilk mərhələdə nəticə versə də, o, tempini qorumaqda çətinlik çəkdi.
Son dövrlərdə Andrea Kimi Antonellinin bolidində baş verən nasazlıqdan sonra Təhlükəsizlik maşını trasda göründü və fərqlər sıfırlandı. Komandalar yeni təkərlər üçün boksa tələsdi. Maraqlıdır ki, hamı yumşaq (qırmızı) təkərə keçsə də, “Red Bull” Maks üçün sərt (ağ) təkəri seçdi – bu qərar ona baha başa gəldi.
Yenidən start verildikdən sonra Lekler Maksa hücum edərək podiuma yüksəldi. Maks isə qayda pozuntusuna görə +10 saniyəlik cərimə aldı. Nəticədə Oskar Piastri mövsümdə 5-ci, karyerasında isə 7-ci qələbəsini qazandı. Lando Norris ikinci yeri tutaraq “McLaren”in dublunu tamamladı. Üçüncü yeri Şarl Lekler əldə etdi.
Corc Rasl podiuma yaxın olsa da, dördüncü yeri tutdu. Niko Hülkenberq (“Sauber”) sürpriz şəkildə beşinci yeri tutdu. Xallar, həmçinin Hemilton, Həcər, Qasli, Alonso və cərimədən sonra geriləyən Ferstappenin aktivinə yazıldı.
Bu nəticə ilə Piastri 186 xalla liderliyini möhkəmləndirib. Norris 10 xal geridədir. Ferstappen isə 137 xalla üçüncü sıradadır. “Ferrari” ikinci yerə yüksəlsə də, “McLaren”lə aradakı fərq 200 xaldır.
Çempionatda növbəti dayanacaq iki həftə sonra Kanadadır.
