III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı təşkil olunub

Bu ilin payızında ölkəmiz növbəti mötəbər idman tədbirinə ev sahibliyi edəcək. III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb.

Belə ki, aprelin 23-də III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı keçirilib. Konfransda tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərini davam etdirilir.

“Hər qəlbdə bir qələbə!” 

“Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində -Gəncə, Qəbələ, Şəki, Yevlax,  Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Açılış və bağlanış mərasimi  isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı  gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur. 
www. cisgames2025.com

Həmçinin, mətbuat konfransında  III MDB Oyunlarının rəsmi internet səhifəsi təqdim olunub. Tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı və s. ilə bağlı ən son yenilikləri buradan əldə etmək mümkün olacaq. 

Bəbir və Leyla

III MDB Oyunlarının maskotları da məlum olub. Enerjili, mehriban Bəbir və Leyla oyunların simvollarıdır. Onlar Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər. Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb. Qeyd edək ki, bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən “Böyük beşlik” Proqramına, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və sayı “kritik həddə olan növ” kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmişdir.
Könüllü Proqramı

Mətbuat konfransında eləcə də, Könüllü Proqramına start verildiyi bildirilib. Həmçinin, proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün III MDB Oyunlarına cəlb olunması gözlənilir. Qeyd edək ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarrifləndirici görüşlər keçirilir. Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və  biliklərinin artmasına dəstək olmaqdır. 

Xatırladaq ki, MDB Oyunlarına ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhəri, 2023-cü ildə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib. Azərbaycanın III MDB Oyunlarına ev sahibliyi etməsi təsadüfi deyil. Bu iri miqyaslı tədbirlərin təşkilatçısı kimi Azərbaycanın beynəlxalq arenada növbəti uğurudur. 

 

Müəllif: Bəhruz MƏMMƏDOV