TARMENXANDAN 6 AVROPA REKORDU VƏ ÇEMPİONLUQ!

ESTAFET/ Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi yığma komandamız üçün uğurla davam edir. Yarışda medallar uğrunda mübarizə aparan 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) arasında Azərbaycan pəhləvanları da yer alıb.


Bu gün onlardan daha biri - Tarmenxan Babayev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin 85 kq çəki dərəcəsindəki yarışına qatılıb.


Tarmenxan birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kq-ı ram edib və ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kq qabaqlayaraq bu hərəkətdə 1-ci olub.


Babayev təkanla qaldırma hərəkətində daha möhtəşəm çıxış etdi. O, ilk yanaşmasında 150 kq-ı ram etdi. Bu, macar atlet Adrian Terebesinin bu ilin aprelində Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunun (146 kq) düz 4 kq yenilənməsi demək idi. Babayev eyni zamanda həm də yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kq) yeniləmiş oldu.


Ardınca atletimiz ikinci yanaşmasında 155 kq-ı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yenilədi. Sonuncu yanaşmasında 161 kq-ın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə 2-sini də əlavə etdi.

 

Atletimiz toplam 291 kq (130+161) nəticə ilə Avropa birinciliyində 1-ci yeri tutdu. Tarmenxan Babayevin yaşı 15-ə qədər olan atletlərin birdən-birə 6 Avropa rekordunu yeniləməsi çox nadir hallarda rast gəlinən hadisələrdəndi.

 

Xatırladaq ki, Kosovodakı yarışda Tarmenxandan öncə Rüstəm Qasımov və Səbinə Əzimova da gözəl çıxışla qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdılar. 

 

Yığmamızın sonuncu üzvü - Rəhman Kazımov (U15, +94 kq) 29 sentyabr tarixində Bakı vaxtı ilə saat 18:00-da körpücük üzərinə çıxacaq.