“Təlim-məşqlər idmançılarımız üçün əvəzolunmaz təcrübədir” : Rahib Əliyev

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə təlim-məşq toplanışı çərçivəsində müxtəlif ölkələrdən məşqçilər və gimnastlar bir araya gəlib. Tədbir Avropa Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutub və burada təcrübə mübadiləsi ön plandadır.

Tamblinq üzrə Azərbaycan milli komandasının məşqçisi və beynəlxalq dərəcəli hakim Rahib Əliyev təlimin əhəmiyyətindən danışıb:

“Hazırda Bakıda keçirilən təlim-məşqlər Avropa Gimnastika Federasiyası tərəfindən təşkil olunub. Tədbirdə bir çox ölkələrdən idmançılar və məşqçilər iştirak edir. Bu, bizim üçün çox önəmli və faydalı bir imkan yaradır.”

Rahib Əliyev bildirib ki, tədbirdə kampların tədrisi üzrə ekspert kimi çıxış edən Azərbaycan milli komandasının baş məşqçisi Adil Hüseynzadə öz bilik və təcrübəsini iştirakçılarla bölüşür:

“Adil Hüseynzadə ekspert qismində çıxış edərək həm yerli, həm də xarici iştirakçılara öz metodikasını çatdırır. Bizim bir çox idmançılarımız kamplinq növü üzrə bu təlimdə aktiv iştirak edirlər. Hesab edirəm ki, bu cür tədbirlər idmançılarımız və məşqçilərimiz üçün çox dəyərli fürsətdir.”

O əlavə edib ki, təlimlər nəticəsində idmançılar texnikalarını təkmilləşdirə və gələcək yarışlarda daha uğurlu çıxış edə biləcəklər:

“İdmançılarımız bu təcrübədən yararlanaraq hərəkətlərinin texniki icrasını daha da inkişaf etdirəcəklər. Bu, onların yarışlarda daha yüksək nəticə göstərməsinə səbəb olacaq.”

Təlim-məşqlərin gətirdiyi yeniliklərdən danışan məşqçi, bu təşəbbüsün xüsusilə bəzi ölkələr üçün tamamilə yeni bir mərhələ olduğunu vurğulayıb:

“Bəzi ölkələr var ki, onlar bu sahədə ilk addımlarını atırlar. Məsələn, İtaliya komandası bu təlimlərdə fəal iştirak edir, idmançılar və məşqçilər yeni texnikalar öyrənməyə çalışırlar. Onlar üçün bu, həm maraqlı, həm də öyrədici bir təcrübədir. Düşünürəm ki, bu təlim gələcək məşqlər və yarışlara hazırlıq baxımından böyük töhfə verəcək.”

Müəllif: Bəhruz MƏMMƏDOV