Kişi cüdoçularımız Açıq Avropa Turnirində birinci oldu

ESTAFET/ Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turniri başa çatıb. Sonuncu yarış günündə millimiz aktivinə daha 3 medal yazdırıb.
81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev keçirdiyi altı görüşün hamısını qələbə ilə başa vuraraq qızıl medalı boynundan asıb. Qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, ötən gün yarışda İslam Rəhimov (-66 kq) qızıl, Nazir Talıbov (-66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi -60 kq) bürünc medallara layiq görülmüşdü.
Yekunda 2 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edən Azərbaycan 35 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillənin sahibi olub.
