600-dən çox gəncin qatıldığı debat turniri başa çatdı

Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin təşkilatçılığı ilə gənclərin natiqlik və ünsiyyət bacarıqlarının artırılması, debat mədəniyyətinin inkişafına yönəlmiş “158 maddə” adlı açıq debat turnirinin final mərhələsi keçirilib.
Azərbaycan İdman Akademiyasında keçirilən final mərhələsində Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Şirin yuxu” komandası və Azərbaycan Dillər Universitetinin “Platonistlər” komandası, rus bölməsi üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “UNECpolitan” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ovod” komandası mübarizə aparıb. Azərbaycan bölməsi üzrə turnirin çempionu “Şirin yuxu”, rus bölməsi üzrə isə “Ovod” komandası seçilib.
Turnirin hər iki bölməsi üzrə natiqliyi ilə seçilən ümumilikdə 25 ən yaxşı natiq müəyyən edilib. Azərbaycan bölməsi üzrə birinci ən yaxşı natiq Azərbaycan Dillər Universitetinin tələbəsi Sevda Cəfərli, rus bölməsi üzrə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Məhəmməd Şəfiyev olub.
Bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri Anar Osmanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin dekanı Mənsur Bərxudarov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Təhsilalanlarla iş şöbəsinin sədri Rəna Cəbrayılova, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Aydan Hüseynova çıxış ediblər.
Qeyd edək ki, debat turnirində 15 ali təhsil müəssisəsini təmsil edən 80 komanda və 600-dən çox gənc spiker, hakim və auditoriya kimi iştirak edib.

