Azərbaycan nümayəndələri Ümumdünya Kapoeyra Federasiyasının rəhbərliyində təmsil olunacaq

Ümumdünya Kapoeyra Federasiyasının (WCF) 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncaq Konfransı və Baş Seçkilərinin nəticələri açıqlanıb.
innews.media xəbər verir ki, konfrans çərçivəsində Federasiyanın növbəti dövr üçün idarəetmə orqanları formalaşdırılıb. Seçkilərdə ABŞ, Azərbaycan, Braziliya, Finlandiya, Estoniya, Peru, Benin və Honq Konq da daxil olmaqla müxtəlif ölkə və qitələri təmsil edən namizədlər iştirak ediblər. Bu da prosesin geniş beynəlxalq miqyasda keçirildiyini göstərir.
Azərbaycan mühüm vəzifələrə seçildi
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Kapoeyra Federasiyasının nümayəndələri Ümumdünya Kapoeyra Federasiyasında mühüm beynəlxalq vəzifələrə seçiliblər:
- Cəmil Hüseynov – Ümumdünya Kapoeyra Federasiyasının (WCF) I vitse-prezidenti
- Elgiz Əlizadə – Ümumdünya Kapoeyra Federasiyasının (WCF) Baş katibi və İdarə Heyətinin üzvü
Qeyd olunur ki, bu nəticə Azərbaycanda kapoeyra idman növünün son illər ərzində sistemli şəkildə inkişaf etdiyini göstərməklə yanaşı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən idman sahəsində həyata keçirilən dövlət siyasətinin və federasiyalara göstərilən dəstəyin real nəticəsi kimi qiymətləndirilir.
WCF-nin yeni Prezidenti seçilib
Seçkilərin yekununa əsasən, Ümumdünya Kapoeyra Federasiyasının (WCF) Prezidenti vəzifəsinə ABŞ-dan olan Rodrigo Furbino Gomes seçilib. Yeni prezident Federasiyanın növbəti fəaliyyət dövrünə rəhbərlik edəcək və WCF-nin beynəlxalq inkişaf strategiyasının icrasında əsas rol oynayacaq.

