RÜSTƏM BÜRÜNC MEDAL QAZANDI
ESTAFET/ Əbu-Dabidə (BƏƏ) cüdo üzrə "Böyük Dəbilqə" seriyasından olan növbəti turnir davam edir. Azərbaycan milli komandası yarışın iikinci günündə 2 cüdoçu ilə mübarizəyə qoşulub.
81 kq çəki dərəcəsində güləşən Olimpiya çempionumuz Nazim Hüseynovun oğlu Naim Hüseynov ilk görüşdən rus Alan Xubetsova məğlub olaraq mübarizəni dayandırıb.
Yığmamızın liderlərindən olan Rüstəm Orucov (73 kq) ardıcıl olaraq Braziliya və ABŞ idmançılarını məğlub etdikdən sonra 1/4 finalda rus Musa Moquşkovla mübarizədən məğlub ayrılıb. Təsəlliverici görüşdə digər rus cüdoçusu Denis Yartsevi məğlub edən Rüstəm bürünc medal uğrunda belçikalı Dirk van Tişeltlə güləşıb. Rəqibini ippona salan Rüstəm turnirin bürünc medalını və əmsalına 500 reytinq xalını qazanıb.
Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur. Dünən yarışların ilk günündə Nicat Şıxəlizadə komandamız üçün gümüş medal qazandırıb.