"HƏR KƏSƏ YENİ İMKANLAR TƏQDİM ETMƏK İSTƏYİRİK" ÖZDƏMİR

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ofisində gələn il Bakıda 27-29 aprel tarixlərində baş tutacaq növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına başlanmasına dair mətbuat konfransı keçirilib.


Tədbirdə çıxış edən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu il yerli sakinlər üçün xüsusi endirimlərin olacağını bildirib:

 

 

"Bu ilin yayında Bakıda gərgin mübarizənin və böyük sürprizlərin fonunda baş tutmuş möhtəşəm yarış Formula 1 dünyasında böyük əks-səda doğurdu. Biz hələ də bu yarış barədə Formula 1 həvəskarlarından gözəl məktublar alırıq və bu məktublarda onlar növbəti yarışda hökmən iştirak edəcəklərini bildirirlər. Bu o deməkdir ki, gələn il Bakıya əvvəlkindən daha çox avtoidman azarkeşi gələcək.

 

 

 

Biz çox sevincliyik ki, hər ötən il Azərbaycan Qran Prisinə həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında maraq getdikcə artır. Çalışırıq ki, növbəti möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün yeni imkanlar təqdim edək. Bu baxımdan bu il müxtəlif bilet seçimləri ilə qarşınızdayıq. Həmçinin sırf yerli sakinlər üçün də xüsusi endirimlər təklif edirik.

 

 

Məqsədimiz ölkəmizdə Formula 1 həyəcanını cəmiyyətin bütün təbəqələri arasında yayaraq Bakıda keçiriləcək əyləncə ilə dolu möhtəşəm yarış həftəsonuna daha çox insan cəlb etməkdir. Fürsətdən istifadə edərək hamını ilkin endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Çalışın indi təklif olunan ən sərfəli qiymətlər fürsətini əldən verməyin və dərhal bilet alaraq növbəti yarış həyəcanına indidən qoşulun".