"İl bizim üçün ağır oldu": Rizvan Rəsulov - VİDEO

ESTAFET/ Xəbər verdiyimiz kimi, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku yarışı keçirilir.

 

Yarış zamanı Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov jurnalistlərə müsahibə verərək ölkə kubokunun keçirilməsində əsas məqsədin atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi və güclü idmançıların seçilməsi olduğunu bildirib. O, Azərbaycan Kubokunun yüksək səviyyədə təşkil olunduğunu da sözlərinə əlavə edib. Baş katib həmçinin 1 illik cəza alan yığma komandanın qarşıdakı hədəflərinin qüvvədə qaldığını da dilə gətirib:


"2018-ci ildə bizi Yeniyetmələrin Yay Olimpiya Oyunları və böyüklər arasında dünya çempionatı kimi vacib yarışlar gözləyir. Yeniyetmələrin Yay Olimpiya Oyunlarına bir lisenziya da əldə etmişik. 2017-ci il bizim üçün ağır illərdən biri oldu. Amma biz çalışdıq ki, idmançıların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını tam təmin edək. Əlbəttə, uğurlarımız da çox oldu. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında, yeniyetmələrin və gənclərin Avropa birinciliklərində yüksək nəticələr əldə edə bildik".