İLİN SON SƏFƏR TƏƏSSÜRATLARİ - QƏBƏLƏ
Ənənəsinə sadiq qalaraq, Peşəkar Futbol Liqası Azərbaycan Topaz Premyer Liqasının bölgələrdə keçirilən oyunlarına jurnalistlərin səfərini təşkil etməkdə davam edir. Təbii ki, Premyer Liqamızda bu cür səfərlərin sayının cəmi iki olması - Gəncə və Qəbələ - təəssüf doğurur. Ancaq PFL-in ölkə çempionatı başlayandan indiyədək fasiləsiz bu ənənəsini uğurla davam etdirməsi təqdirəlayiq haldır. Bu hal bölgə komandalarının azarkeşləri üçün (azarkeş mövzusuna yazıda xüsusi toxunacam) öz doğma klublarının oyunları haqqında mətbuatda daha geniş, fərqli yanaşma ilə tanış olmasına şərait yaradır.
Beləliklə, ilin son bölgə səfəri Qəbələ şəhərinə idi. Burada yerli “Qəbələ” Bakı “Keşlə”sini qəbul edirdi. Jurnalistlərin əvvəlcədən müəyyən edilmiş çıxış nöqtəsinə - AFFA-nın inzibati binasının qarşısına çatanda hər kəsdə biraz məyusluq hiss olunurdu. Çünki heç də xoş olmayan hava şəraiti mövcud idi. Bakıda belə hava şəraitinin olması bizlərdə fikir formalaşdırmışdı ki, Qafqaz dağlarının ətəyində yerləşən Qəbələdə yəqin indi daha söyuq və sərt hava şəraiti var. Qəbələyə çatanda isə gözləntimdə yanıldığımın, tam fərqli bir mənzərənin şahidi oldum. Qəbələ bizi günəşli və aydın hava ilə qarşıladı. Sözün həqiqi mənasında əsl futbol havası hökm sürürdü.
Qarşılaşma zamanı diqqətimi çəkən maraqlı məqamlardan biri, qonaq komanda “Keşlə”nin Müşahidə Şurasının rəhbəri Zaur Axundovun oyunun gedişi zamanı özünü yeni funksiyada - məşqçi funksiyasında görməsi, bəzi oyunçuların çıxışına sərt şəkildə reaksiya verməsi idi. O, oyunçulara necə oynamaq və davranmaqla bağlı ayaqüstə göstərişlər verirdi. Heç komandanın baş məşqçisi Ramiz Məmmədovun səsi və reaksiyası bu qədər eşidilmir və hiss olunmurdu. Oyundan sonra isə Zaur müəllimlə görüşmək, komandada baş verən son proseslərlə bağlı onun özündən fikir almaq media mənsublarına nəsib olmadı. Çünki, oyunun başa çatması ilə Zaur müəlimin avtomobilinə oturub uzaqlaşması arasında olan vaxt fərqini yaxalamaq belə olmadı. Bu nəsibsizlik oyunçularla bağlı da davam edirdi. Belə ki, uzun müddət gözləsək də, oyunçular paltardəyişmə otağından çıxmırdılar və söhbət gəzirdi ki, oyunçulara mətbuat qadağası qoyulub. Lakin baş məşqçi Ramiz müəllim şəxsən komandanın braziliyalı kapitanı Denis Silvanı jurnalistlər önünə çıxarmaqla, bir növ belə bir qadağanın olmamasını sübut etmək istədi. Əlbəttə ki, bu heç də inandırıcı deyildi.
Oyuna gəldikdə isə... Qeyri-adi heç nə baş vermədi. Gözlənildiyi kimi, meydan sahibləri start fitindən final fitinədək meydanda üstün tərəf idi. Qonaq komandanın futbolçuları arada nəsə etmək istəsələr də, onlar tərəfdən yaddaqalan xüsusi bir məqam olmadı. “Qəbələ”nin üstün oyunu 24-cü dəqiqədə məntiqi sonluğunu tapdı – komandanın və çempionatımızın bombardiri Baqali Dabo hücumçuya xas olan ən əsas işi gördü. Komandalar fasiləyə bu hesabla yollandılar. İkinci hissə başlar-başlamaz Filip Ozobiç meydana nahaq çıxmadığını sübut etdi. 5 dəqiqiə ərzində (51 və 56-cı dəqiqələrdə) iki gözəl, baxımlı qola imza atan Ozobiç görüşdə bütün intriqanı öldürdü.
Bir az da azarkeşlər haqqında... Həqiqətən də, belə bir mənzərəni izləmək heç şübhəsiz media mənsubları üçün çox üzücüdür. Çünki yuxarıda qeyd etdiyim kimi, bu cür hava şəraitində, belə uyğun bir vaxtda, komandanın uğurlu çıxış yaxaladığı dönəmdə komandanı dəstəksiz qoymaq ən azından biganəlikdir. Onsuz da az tutuma malik Qəbələ şəhər stadionunun heç yarısının belə dolmaması yəqin ki, komanda funksionerlərini müəyyən yeni cəlbedici addımlar atmağa məcbur edəcək. Təbii ki, burada ilk növbədə azarkeşin özünün öz doğma komandasına münasibəti əsas amildi. Ancaq istənilən halda, şablon səslənsədə - futbol azarkeşlər üçün oynanılır. Biz isə deyəsən hələ azarkeşliyi öyrənə bilməmişik. Tam olaraq dərk edə bilmirik ki, futbolçunun öz potensialını, bacarığını meydanda tam şəkildə göstərməsi birbaşa azarkeşlərdən asılıdır. Çünki futbolçu (idmançı) dolu tribuna qarşısında tam fərqli məsuliyyət hiss edir.
Bununla da, bu il Topaz Premyer Liqası çərçivəsində olan son bölgə turumuz başa çatdı. Həmişəki kimi, səfəri yüksək səviyyədə təşkil etdiyinə görə PFL rəhbərliyinə və əməkdaşlarına təşəkkür etmək istəyirəm. Xoş səfərlərdə görüşək.
P.S. Qəbələ şəhər stadionuna çatanda hələ avtobusdan gördüyüm Qəbələ Futbol Akademiyasının binası burada futbolun ümidli gələcəyinə inam yaradır.
Natiq NƏSİROV - Qəbələ