Hidayət "World Masters"də bürünc qazandı

ESTAFET/ Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" yarışına start verilib. Yarışın ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.

 

Belə ki, ilk yarış günü tatamiyə 3 cüdoçumuz çıxıb - 60 kq-da Orxan Səfərov və 73 kq-da Rüstəm Orucovla Hİdayət Heydərov. 

 

Orxan Səfərov elə ilk görüşündən uğursuzluğa düçar olub. Özbək cüdoçu Şarafuddin Lutfillayevlə bacarmayan Orxan mübarizəni erkən dayandırıb. 

 

73 kq çəki dərəcəsində Rüstəm Orucov ilk görüşdə amerikalı Aleksandr Törneri məğlub etsədə, ardınca  özbək Qiyoscan Boboyevə məğlub olub. Daha sonra təslliverici görüşdə Odbayaar Qanbaatara da məğlub olan Rüstəm mükafatsız qalıb.

 

Bu çəkidəki digər cüdoçumuz Hidayət Heydərovun çıxışı isə uğurlu alınıb. Hidayət əvvəlcə monqol Xadbaar Naranxuyu, ardınca isə isveçli Tommi Makiası məğlub edərək yarımfinala çıxıb. Burada sonradan turniri qalibi olan yapon Soiçi Naşimotoya uduzan Hidayət bürünc medal uğrunda güləşib. Monqol Odbayaar Qanbaatarı məğlub edən cüdoçumuz komandamıza bürünc medal qazandırıb. 

 

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.