Milli idman oyunları haqda qısa məlumat

ESTAFET/ Milli idman növlərinə zorxana, pəhləvan güləşi, dirədöymə, çalağan çardağı, çarpapaq, çovqan, dədəboyu, nərd və s. idman oyunları daxildir. Qədim tarixə malik bu idman növlərinin əksəriyyəti artıq beynəlxalq status qazanıb. Belə ki, hazırda zorxana üzrə dünya çempionatı keçirilir. 

Sovet dönəmində o qədər də məşhur olmayan milli idman növləri müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etməyə başlamışdır. 1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılmışdır. Assosiasiya 6 milli idman növünü (milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi) təmsil edir.

1992-ci ildən milli idman növləri bədən tərbiyəsi proqramlarına salınmışdır. 

Azərbaycan milli idman növü olan zorxana və pəhləvan güləşi 2007-ci ildən Beynəlxalq Zorxana İdman Federasiyalarının (BZİF) üzvüdür. BZİF üzvülüyünə 52 dövlət daxildir. Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası iştirak edir.

2007-ci ildə Avropa çempionatında pəhləvan güləşi üzrə Azad Cəfərov, kəbbadə üzrə Afis Namazov 1-ci yer tutublar. 

2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində Avropa Zorxana İdmanı Konfederasiyasının  hesabat seçki konfransında Xanlar Qurbanov Federasiyanın vitse-prezidenti və texniki komitəsinin sədri seçilmişdir.

2009-cu ildə  Zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında ağır çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülməsi ilə əlaqədar Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən  Vüqar Qurbanov “Cahan pəhləvanı” (dünya pəhləvanı) adına  layiq görülmüş  və “Qızıl bazubənd”lə təltif edilmişdir.

Müəllif: Natiq NƏSİROV