RİO-2016: ELVİN VƏ KAMRAN SİNDROMU SINDIRDI

ESTAFET/ Boks yarışlarında nəhayət ki, Qazaxstan sindormu sındırıldı. Belə ki, bugünədək Rio rinqində Qazaxstan təmsilçiləri ilə qarşılaşan hər 3 təmsilçimiz (Cavid Çələbiyev - 56 kq, Teymur Məmmədov - 81 kq və Məhəmmədrəsul Məcidov - +91 kq) rinqi məğlub tərk etmişdi.


İlk olaraq 52 kq-da Elvin Məmişzadə Oljas Settibayevi 3-0 hesabı ilə məğlubiyyətə uğradıb və adını 1/4 finala yazdırıb. Dünya çempionumuzun bu mərhələdəki rəqibi özbək Şaxobidin Zoirov olacaq. Döyüş isə avqustun 17-si günorta seansında baş tutacaq.

 

75 kq-da döyüşən Kamran Şahsuvarlı ilk iki mərhələdəki qələbələrinin təsadüfi olmadığını burada da sübut etdi və özü üçün ən azı Olimpiya Oyunlarının bürünc medalını təmin etdi. Birinci mərhələdə çinli, ikinci mərhələdə isə güclü rus boksçusu Artem Çebotarevi mübarizədən kənarlaşdıran Kamran 1/4 finalda qazax Janıbek Alimxanulini 2-1 hesabı ilə məğlub edib. İndi Kamranı avqustun 18-i günorta seansında kubalı Arlen Lopezlə final üçün ağır döyüş gözləyir.