Cüdoçular Düsseldorfda ilk günə 1 gümüşlə kifayətləndilər

ESTAFET/ Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” seriyasından olan turnir keçirilir. Azərbaycan milli komandasının da iştirak etdiyi nüfuzlu turnirdə 65 ölkədən 441 cüdoçu medallar uğrunda mübarizə aparır. Yarışların ilk günündə yığmamız 1 gümüşlə kifayətlənib.
73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə yaponiyalı Ono Şoheyə məğlub olan cüdoçumuz nüfuzlu yarışın gümüş medalına layiq görülüb.
Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov ilk görüşündən Rüstəmin finalda məğlub olduğu Ono şoheyə məğlub olaraq mübarizəni dayandırmışdı.
60 kq-da güləşən Vüqar Şirinli alman və özbək cüdoçulara qalib gəldikdən sonra yapon Ryuju Naqayamaya məğlub olub. Təsəlliverici görüşdə braziliyalı Erik Takabatakeyə də məğlub olan Vüqar mükafatsız qalıb.
66 kq çəki dərəcəsində 2 cüdoçu ilə təmsil olunsaq da, bu çəkidən də mükafat çıxmayıb. Hər iki cüdoçumuzun qarşısını ukraynalılar kəsib. Nicat Şıxəlizadə ilk görüşdə Boqdan Yadov qarşısında aciz qalib. Orxan Səfərov isə filippin və italyan rəqiblərinə qalib gəlsədə Gerqiy Zantaraya səddi keçilməz olub.
81 kq-da mübarizə aparan Fəqan Quluzadə ilk görüşdən turnirlə vidalaşıb. O, polşalı cüdoçu ilə bacarmayıb.
Qadınlar mübarizəsində isə Aişə Qurbanlı (48 kq) ilk görüşdən ispan cüdoçunun ipponundan xilas ola bilməyib.

