BAKU-2016: İLK GEDİŞİ ÖLKƏ BAŞÇISI ETDİ
ESTAFET/ Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyev mötəbər yarışın keçirildiyi Bakı Kristal Zalında olub.
İlk olaraq oyun zalını ziyarət edən dövlət başçısı Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov və Zimbabve təmsilçisi Rodvell Makaton, eləcə də rusiyalı Aleksandra Kostyunyuk və şotlandiyalı Ketevan Araxamie-Qrantın görüşlərində ilk gedişi edib.
Əlil idmançılarla görüşən dövlət başçısı daha sonra təhlil otağı, mətbuat mərkəzi və şərhçilər otağında olub.
Dövlət başçısı Olimpiadanın sərgi zalını ziyarət edib. Yaradılan şəraitdən razılığını ifadə edən ölkə başçısı təşkilaçılığı yüksək qiymətləndirib.
Sonda isə ölkə prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında şahmat olimpiadasının əhəmiyyətindən söz açıb: “Şahmat Olimpiadası Azərbaycan idmanı üçün mühüm əhəmiyyət kəsb edir. Bu idman növünün ölkəmizdə böyük ənənələri var. Azərbaycan son illər bir çox idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Əminliklə söyləmək olar ki, ölkəmiz şahmat olimpiadasını da ən yüksək səviyyədə təşkil edəcək. Bütün iştirakçı komandalara uğurlar arzulayıram”.