"Neftçi" imkan verdiyi qədər oynadıq" Qurban Qurbanov

ESTAFET/ "Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Məncə bu oyun çempionatın ən sürətli oyunlarından biri idi". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”nin qonağı olan Ağdam klubu qolsuz bərabərliyə (0:0) razılaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov bu fikirləri səsləndirib: "Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım".
- Sanki İbrahim Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...
- Bizim bütün oyunlarda Şehiç oyunun içində olub. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.
- İkinci hissədə “Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?
- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.
- Komandanız ikinci hissədə sanki geriyə oturdu...
- “Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. "Neftçi" çox istəkli idi. Amma onlar üçün də çətin anlar oldu.
- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz...
- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidi.
- “Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...
- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidi.
- Ufuk Budak milliyə dəvət olunub?
- Bəli, dəvət edilib, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.
- Millinin heyəti nə vaxt açıqlanacaq?
- İnşallah, “Sumqayıt” - “Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib, son qərarı verəcəm.
- Millidə yeni adlar olacaq?
- Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm.
Mənbə: APASport
