"Zəfər kuboku"nda ilk gün: 4 qızıl, 1 gümüş və 3 bürünc medal

ESTAFET/ Xəbər verdiyimiz kimi, dünəndən etibarən Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir.

 

Turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Hersoqoviniya ilə yanaşı yığma komandalarımızın üzvləri də iştirak edir.

 

İlk yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65 kq, qadın güləşi üzrə 43, 49 və 57 kq çəkidə 11 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

 

Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov, Elmir Əliyev (hər ikisi 55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi 48 kq), Əbülfəz Nəsirov (55 kq), Əşrəf Aşurov və Turan Bayramov (hər ikisi 65 kq) iştirak edib. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayıb.

 

İlk yarış günündə qadın güləşçilərimizdən Birgül Sultanova (57 kq), sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finala yüksələn bütün idmançılarımız görüşlərini qələbə ilə başa vurub və yığmamıza qızıl medal qazandırıb.

 

Gümüş medalı isə yığmamıza 43 kq-da mübarizə aparan Şahanə Nəzərova qazandırıb. 4 idmançının mübarizə apardığı bu çəki dərəcəsində yarışlar dairəvi sistem üzrə baş tutub.

 

Qadın güləşçilərimizdən Sevinc Əhədova (49 kq) Rumıniya idmançısına, yunan-Roma güləşçilərimizdən Murad Abbasov (55 kq) və Ruslan Hədisov (65 kq) öz komanda yoldaşlarına qalib gələrək turnirin bürünc medalını qazanıb.

Müəllif: Natiq NƏSİROV