Avropa Liqasında yarımfinalın püşkü atıldı

ESTAFET/ Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 4 komanda iki cütlük təşkil edib.

 

Mərhələnin iki ən iddialı komandası arasında erkən final oynanılacaq. Belə ki, “Arsenal” (İngiltərə) və “Atletiko” (İspaniya) artıq yarımfinalda qarşılaşacaqlar. “Marsel” (Fransa) isə turnirin sürpriz komandası “Zalsburq”la (Avstriya) qarşılaşacaq. 

 

Yarımfinal mərhələsində ilk oyunlar aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Mayın 16-da baş tutacaq final matçının nominal meydan sahibi də püşklə müəyyənləşib. Bu, “Marsel” - “Zalsburq” cütünün qalibi olacaq.

 

UEFA Avropa Liqası, 2017/18 mövsümü

Yarımfinal

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

 

Final

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya) cütünün qalibi - "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) cütünün qalibi

Müəllif: Orxan NOVRUZOV