Şəmkirdə Vüqar Həşimov memorialının təntənəli açılış mərasimi olub
ESTAFET/ Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib.
ShamkirChess2018 turnirinin mətbuat xidməti xəbər verir ki, əvvəlcə Vüqar Həşimovun həyatından və karyerasından bəhs edən videoçarx nümayiş olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov mərasimdə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. Əvvəlki dörd turnirin “Synergy Group”un dəstəyi ilə keçirildiyini vurğulayan A.Məmmədov builki turnirin əsas təşkilatçısının SOCAR olduğunu deyib. O, turnirin təşkilində dəstəyinə görə Azərbaycan Şahmat Federasiyasına və SOCAR-a təşəkkürünü bildirib.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyümjinov şahmat aləmində kifayət qədər nüfuz qazanan “Shamkir Chess” turnirinin beşinci dəfə təşkil olunmasından məmnunluğunu bildirib. Vüqar Həşimovun yüksək insani keyfiyyətlərindən və peşəkar şahmatçı kimi əldə etdiyi nailiyyətlərdən danışan FIDE prezidenti deyib: “Belə bir övlad böyütdükləri üçün Vüqarın valideynlərinə təşəkkürümü bildirirəm. Vüqar hər zaman bizimlədir. Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı üçün Dövlət Proqramı qəbul olunub. İki il əvvəl Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası dünya tarixində ən yaxşı təşkil edilən şahmat turniri kimi qəbul olunur. Azərbaycanda şahmatı sevirlər. Dünyada 60 milyondan çox insan şahmat oynayır. Artıq Bakı ilə yanaşı, Şəmkir də şahmat mərkəzi kimi dünyada tanınır. Bu gün də şahmat bayramıdır. Bu turnirdə maraqlı oyunlar görməyi arzulayıram”.
Yarışın təşkilində dəstəyinə görə SOCAR-a minnətdarlığımı bildirən K.İlyümjinov iştirakçılara uğurlar arzulayıb. Sonra rəssam Fərman Hüseynov FIDE prezidentinin portretini ona hədiyyə edib.Daha sonra əvvəlki “Shamkir Chess” turnirlərindən görüntülər nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov tanınmış şahmatçı Vüqar Həşimovun uğurlu karyerasından, əldə etdiyi nailiyyətlərdən danışıb. O, mərhum şahmatçımızın xatirəsinə həsr olunan bu mötəbər turnirin əhəmiyyətini yüksək qiymətləndirib.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təmsil etdiyi şirkətin belə mühüm turnirin təşkilinə dəstək verməsindən məmnunluğunu bildirib. O, Vüqar Həşimovun xatirəsinə həsr olunan bu superturnirin Azərbaycanda şahmatın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Mərhum şahmatçının atası Qasım Həşimov oğlunun xatirəsinə həsr olunan turnirin təşkilatçılarına minnətdarlığını bildirərək deyib: “Hər dəfə oğlumdan bəhs edən kadrları izlədikdən sonra danışmaqda çətinlik çəkirəm. “Synergy Group” ilk dörd turniri ən yüksək səviyyədə təşkil edib. İndi isə təşkilatçılığı SOCAR öz üzərinə götürüb. Buna görə də SOCAR rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Bu turnirin Şəmkirin dünyada, o cümlədən şahmat aləmində tanınmasına böyük töhfə verdiyini vurğulayan Q.Həşimov oğlunun karyerasının əvvəlində ilk uğurlarını əldə etməsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb.
Açılış çıxışlarından sonra turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi ilə iştirakçılar arasında püşk atılıb. Püşkün nəticələrinə əsasən, aprelin 19-da turnirin birinci turunda dünyada ən yüksək reytinqə sahib iki şahmatçı – hazırkı dünya çempionu Maqnus Karlsen (2843) ilə Şəhriyar Məmmədyarov (2814) üz-üzə gələcəklər. Qeyd edək ki, hər iki şahmatçı 2014-cü ildə də bu turnirin ilk turunda qarşılaşmışdılar. Püşkatmanın nəticələrinə əsasən ilk turda, həmçinin Veselin Topalov (Bolqarıstan, 2749) Teymur Rəcəbovla (2748), Aniş Giri (Hollandiya, 2777) Sergey Karyakinlə (Rusiya, 2778), Dinq Liren (Çin, 2778) Radoslav Voytaşeklə (Polşa, 2744) və David Navara (Çexiya, 2745) Rauf Məmmədovla (2704) qarşılaşacaq.