Avropa çempionatında ilk gün medal olmadı

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start verilir. 16 cüdoçu ilə yarışa qatılan Azərbaycan yığmasının 9 üzvü ilk tatamiyə çıxacaq. 

 

Kişilər

60 kq

Vüqar Şirinli mübarizəyə 1/16 finaldan başlayıb. Lakin təəssüf ki, o ilk görüşdən mübarizəni dayandırmalı olub. Belə ki, rusiyalı Beslan Mudranovla görüşdən rəqib qalib ayrılıb. 

 

66 kq

Bu çəki dərəcəsində iki cüdoçumuz yarışır. İlk olaraq Nicat Şıxəlizadə 1/16 final mərhələsində moldovalı Denis Vyeru ilə qarşılaşıb və tatamini qələbə ilə tərk edib. Növbəti mərhələdə onun rəqibi ukraynalı Girogi Zantaraya idi. bu görüşü də ipponla qalib gələn Nicat adını 1/4 finala yazdırıb. Yarımfinal üçün Nicat italiyalı Matteo Medvis ilə güləşib. Lakin heç də güclü olmayan rəqiblə bacarmayan Nicat 3-cü yer üçün təsəlliverici qarşılaşmaya çıxıb. Burada o belarus cüdoçusu Dmitri Şerşanla bacarmayıb və çempionatı mükafatsız başa vurub.   

 

Çəkidəki digər təmsilçimiz Orxan Səfərov isə ilk görüşündə xorvatiyalı Bernard Azinoviçə qarşı çətinlik çəkməyib. Rəqibini 1 dəqiqə 43 saniyəyə ippona salan Orxan növbəti görüşünü israilli Barux Şmaylova qarşı keçirib. Güclü rəqiblə də görüşdən qalib ayrılan Orxan da 1/4 finala çıxıb. Burada onun rəqibi portuqaliyalı Joao Krisostomo idi. Görüşdə üstün tərəf olan cüdoçumuz yarımfinala çıxıb. Sloveniyaslı Adrian Qomboç ilə görüşdə məğlub olan Orxan 3-cü yer üçün Belarus cüdoçusu Dmitri Şerşanla qarşılaşacaq.  

 

Qadınlar

48 kq

Leyla Əliyeva ilk qarşılaşmasını sloveniyalı Marusa Stanqara ilə bacarmayıb və mübarizəni dayandırıb. 

 

Bazaraqça Erdenebat isə türk Dilarə Loğmanhəkim (Türkiyə) ilə görüşdən məğlub ayrılıb. 

 

52 kq

Bu çəki dərəcəsində də 2 cüdoçu ilə mübarizəyə qoşulsaq da, hər ikisi ilk qarşılaşmalarından məğlub olaraq çempionatla vidalaşıblar. Gültac Məmmədliyeva və Buyanxışıq Purevsuren müvafiq olaraq türkiyəli İrem Korkmaz və norveçli Medelin Rubinşteynlə görüşdən məğlub ayrılıblar. 

 

57 kq

Bu çəkidə tatamiyə çıxan ilk təmsilçimiz Ülviyyə Rəhimli polşalı Anna Borovska ilə görüşdən məğlub ayrılıb. 

 

İçinxorlu Munxtsedevin isə Avropa çempionatı ilə vidalaşmasına kosovolu Nora Qyakova səbəb olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV