Hidayət finalda erməniyə məğlub oldu

ESTAFET/ İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə böyüklər arasında Avropa çempionatına davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub. Hər iki cüdoçumuz kişilər arasında 73 kq çəki dərəcəsində tatamiyə çıxıb. 

 

73 kq

İlk mərhələdən azad olan Rüstəm Orucov 1/16 finalda moldovalı İon Naçu ilə üz-üzə gəlib. Görüş titullu cüdoçumuzun qələbəsi ilə bitib. Növbəti mərhələdə ukraynalı Artyom Xomula ilə güləşən Rüstəm təəssüf ki, məğlub olaraq mübarizəni dayandırıb. 

 

Bu çəki dərəcəsində millimizin liderlərindən olan Hidayət Heydərov isə uğurlu çıxışını davam etdirir. O ardıcıl olaraq, Dmitri Kanivets (Ukrayna), Nils Stump (İsveçrə) və Akil Qjakova (Kosova) ilə görüşlərdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Burada cüdoçumuzun rəqibi belaruslu Vadim Şoka olub. Bu görüşü də qələbə ilə başa vuran Hidayət finala çıxıb. Lakin finalda çox sönük mübarizə sərgiləyən Hidayət erməni cüdoçu Ferdinand Karapetyan məğlub olaraq, qitə çempionatının gümüş mükafatına sahib oldu. Bu komandamızın hələki yeganə medalıdı.  

 

Xatırladaq ki, yarışın ilk günü tatamiyə çıxan 9 idmançımızdan heç biri medal qazana bilməmişdi. Sabah isə son 5 təmsilçimiz çempionatın mükafatları uğrunda mübarizəyə qoşulacaq. 

Müəllif: Orxan NOVRUZOV