Millimizin Avropa çempionatı üçün heyəti

ESTAFET/ Taekvondo üzrə böyüklərdən ibarət millimiz növbəti Avropa çempionatına qatılacaq. 10-13 may tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək 23-cü Avropa çempionatında iştirak edəcək milli komanda mayın 7-də yola düşür.

 

Çempionat öncəsi isə Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında böyüklərdən ibarət milli yığma komanda ilə görüş keçirib. İclasda federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov iştirak edib. Komandanı salamlayan Nağı Səfərov və Niyaməddin Paşayev millinin isveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında Milad Beigi Hərçəqaninin qızıl, Patimat Abakarovanın gümüş, Payam Qobadi Oğazın bürünc medalqazanaraq uğurlu çıxışını xatırladıb. Bu dəfə də idmançılarımızın uğur qazanacaqlarına inandıqlarını vurğulayaraq onlara bol şanslar arzulayıblar.

 

Kazanın "Ak Bars" idman arenasında təşkil edilən qitə çempionatında ölkəmizi təmsil edəcək komandanın heyəti də açıqlandı. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa çempionatına 15 taekvondoçu yollanır. Belə ki, baş məşqçi Reza Mehmandost və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) mübarizə aparacaq.

 

Qadınların baş məşqçisi Elnur Amanov isə Fatemeh Shabannia Mansour (46 kq), Patimat Abakarova (49 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyanichandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zahra Fazel Kalkhorana (+73 kq) şans verib.

 

Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev qitə çempionatında ölkəmizi hakim qismində təmsil edəcək. Komandamız mayın 14-dü vətənə dönəcək.  

Müəllif: Bəhruz MƏMMƏDOV