100-cü qolla qələbəsizliyə son
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXVI turunun “Səbail”lə qarşılaşmasında vurulan yeganə qol “Zirə”nin tarixinə düşüb. 1:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası Azərbaycan çempionatının yüksək dəstəsində özünün 100-cü qoluna imza atıb. Yubiley qolunun müəllifi Müşfiq İlyasov olub.
“Zirə” Premyer Liqadakı 100-cü qolunu 90-cı matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,11-ə bərabərdir. Bu qollardan 61-i evdə, 39-u səfərdə vurulub. 2015/16 mövsümündən Premyer Liqada çıxış edən Zirənin eyniadlı təmsilçisi ilk çempionatda 42, 2016/17 mövsümündə 26 (texniki qələbə nəzərə alınmamaqla), cari birincilikdə 32 dəfə rəqib qapısına yol tapıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixinə 100 və daha çox qol vuran 29-cu komanda kimi düşüb.
Yubiley qoluna sevinən “Zirə” Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına da son qoyub. Son 11 görüşdə qələbəyə həsrət qalan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk dəfə 3 xal sevinci yaşayıb. Zirəlilərin son qələbəsi 2017-ci il dekabrın 3-nə təsadüf etmişdi. 153 gündən sonra yenidən qalib gələn komanda eyni rəqibi eyni hesabla məğlub edə bilmişdi.
Qeyd edək ki, “Zirə” 153 günlük uğursuz seriya ərzində 5 heç-heçə edib, 6 dəfə uduzmuşdu.